Qazax rayonunda əl qumbarası, parladıcı və patronlar aşkarlanıb
Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 20-də saat 12:30-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Kəmərli kəndi ərazisində mərmi tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin mobil əməliyyat və kinoloji qrupları, eləcə də DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.
Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları həmin əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən təcrid olunub. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F-1 əl qumbarası, UZRQM parladıcısı və 7,62 millimetrlik (PS) 52 patron aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Hərbi təyinatlı əşyaların tapıldığı yerin ətrafında 60 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.