DÜNYA
Qazaxıstan 20 ölkə ilə hava əlaqəsini bərpa edib
Nur-Sultan, 10 sentyabr, AZƏRTAC
Qazaxıstanda epidemioloji vəziyyətin yaxşılaşması xarici ölkələrlə hava əlaqəsinin bərpasına səbəb olub. Hazırda Qazaxıstan 20 ölkəyə uçuşları bərpa edib.
AZƏRTAC xəbər verir ki, ölkənin Mülki Aviasiya Komitəsinin məlumatına görə, reyslərin əksəriyyəti Türkiyəyə həyata keçirilir. Qazaxıstanın altı şəhərindən təyyarə ilə İstanbula getmək mümkündür.
Hazırda Qazaxıstandan Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, İngiltərə, Macarıstan, Rusiya, Belarus, Qırğızıstan, Ukrayna, Almaniya, Cənubi Koreya, Misir, Niderland, Polşa, Monteneqro və digər ölkələrə birbaşa aviauçuşlar həyata keçirilir.
Oktyabr ayından Qətərə, Maldiv adalarına və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçiriləcək.
Mülki Aviasiya Komitəsindən bildiriblər ki, beynəlxalq aviadaşımalar bazarı da tədricən bərpa olunur.
Xarici ekspertlərin qənaətinə görə, aviareyslərin tam bərpası 2024-cü ilədək baş verəcək.
Qeyd edək ki, pandemiya dövründə Qazaxıstan aviaşirkətləri qazanclarının 50 faizindən çoxunu itirmişlər.
Ölkədə hava nəqliyyatı ilə yükadaşımalar tam bərpa olunub və hətta 2019-cu illə müqayisədə reyslərin sayı artıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan