Ukrayna terror aktı hazırlayan Rusiya agentlərinin saxlanıldığını bildirib






Kiyev, 13 may, AZƏRTAC
Ukrayna Təhlükəsizlik Xidməti iddia edir ki, mayın 9-da Kiyevdə silsilə terror aktları törətməyi planlaşdıran və artıq tikinti hipermarketləri və kafelərdə partlayıcı qurğular yerləşdirmiş Rusiya Dövlət Təhlükəsizlik İdarəsinin bir qrup agenti saxlanılıb.
AZƏRTAC xəbər verir ki, məlumatda deyilir: “Ukrayna əks-kəşfiyyatı Kiyevdə mayın 9-da baş verməli olan dörd terror aktının qarşısını alıb. Paytaxtda keçirilən çoxmərhələli xüsusi əməliyyat nəticəsində tanınmış şəbəkənin tikinti hipermarketlərində və kafelərdən birinin yaxınlığında partlayıcı qurğular quraşdıran Rusiya Dövlət Təhlükəsizlik İdarəsinin bir qrup agenti saxlanılıb”.
Məlumata görə, əldəqayırma partlayıcı qurğular çay qutusunda gizlədilib. Onlar zaman tənzimləyici, detonator və irimiqyaslı yanğınlara səbəb ola biləcək yandırıcı qarışığı olan plastik partlayıcıdan ibarət olub.
Plana görə, mülki əhaliyə maksimum ziyan vurmaq üçün partlayıcılar hipermarketlərin fəaliyyətinin pik saatlarında işə salınmalı idi. Bundan əlavə, terrorçular yanğının tez söndürülməməsi üçün onu tezalışan materiallar arasında yerləşdirməyi planlaşdırıblar.
Daha bir terror aktı məşhur Kiyev kafesinin yaxınlığında baş verməli idi. Şübhəlilər yaxınlıqda dayanmış avtomobilə partlayıcı qurğu yerləşdirmək istəyiblər.
“Biz hadisələri qabaqlaya bildik və düşmənin planlarını vaxtında alt-üst etdik. Cinayətkarların hər addımı sənədləşdirilir və onlar Rusiyanın xeyrinə işləməyə çalışan hər kəs kimi layiqli cəzalarını alacaqlar”, - deyə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev