Şimal şəfəqinin təsiredici fotoları
Bakı, 13 may, AZƏRTAC
Ötən həftəsonu güclü Günəş partlayışları silsiləsi nəticəsində Şimal yarımkürəsinin bütün səması müxtəlif rəngə boyandı. İnsanlar ABŞ, Avropa, Kanada, Çində və digər ölkələrdə Şimal şəfəqinin parlaq təzahürlərinin şahidinə çevrildilər.
AZƏRTAC bu barədə xarici mediaya istinadla xəbər verir.
“Aurora Borealis” – hamıya Şimal şəfəqi kimi məlum olan təbiət hadisəsidir. Onun adı Roma şəfəq ilahəsi Avroradan və yunan külək Tanrısı Boreadan götürülüb. Bütün səma dolğun yaşıl, sarı, qırmızı rənglərlə bərq vurur. Onların görkəmi bir anda dəyişə və ya bir neçə saat ərzində dəyişməz qala bilər.
İntensiv kosmik hava dövründə “Aurora Borealis” qütblərdən ekvatora doğru yayılır və əvvəllər, aktivlik xüsusilə güclü olanda o, ABŞ-ın qitə hissəsinə çatırdı. Həftəsonu da belə olub. Həddən artıq güclü geomaqnit qasırğası Yer kürəsinə çatıb, nəticədə qütb şəfəqləri bütün dünyada gecə səmasını işıqlandırıb.
Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin məlumatına görə, mayın 10-da müşahidə edilən geomaqnit qasırğası G5 tarixi səviyyəyə çatıb. Bu isə G1-dən başlanan şkala üzrə ən yüksək səviyyədir.