Azərbaycan samboçuları Avropa çempionatını 10 medalla başa vurublar
Bakı, 13 may, AZƏRTAC
Azərbaycanın samboçuları Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa çempionatını 10 medalla başa vurublar.
Azərbaycan Sambo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, son olaraq, gənc və yeniyetmələrdən ibarət yığmaların ümumilikdə 7 üzvü fəxri kürsüyə qalxıb.
Gənclər arasında Nicat Rəhimov (64 kiloqram) və Xudabaxış Əliyev (71 kiloqram) 2-ci, Pünhan Göyüşov (79 kiloqram) 3-cü yeri tutublar.
Yeniyetmələrin mübarizəsində isə İsmayıl Əlipənahov (53 kiloqram), Nicat Süleymanlı (64 kiloqram), Roman Qarayev (79 kiloqram) və Hacıbaba İmaməliyev (+98 kiloqram) fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Beləliklə, Azərbaycanın sambo yığmaları Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Daha əvvəl böyüklər arasında Elvin Bağırov (64 kiloqram) qızıl, Nicat Məmmədli (58 kiloqram) və Rəsul Aydəmirov (98 kiloqram) bürünc medalın sahibi olub.