Toğrul Əsgərov: Mariya Stadnikin Parisdə yaxşı nəticə qazanması üçün əlimizdən gələni edəcəyik
Bakı, 13 may, AZƏRTAC
“Mariya Stadnikin nəticəsinə görə çox xoşbəxtik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində "Paris-2024"ə lisenziya qazanan Azərbaycanın qadın güləşçisi Mariya Stadnik barədə danışarkən deyib.
O bildirib ki, Mariya Stadnik bu nəticə ilə dünya qadın güləşində yeni tarix yazıb: "İndiyədək heç bir qadın güləşçisi 5 dəfə Olimpiadada çıxış etməyib. Mariya bu adla Parisə yeganə idmançı kimi yollanacaq. Təəssüf ki, İstanbuldakı turnirdən bir həftə öncə onun səhhətində problem yaranmışdı. Çox ağır xəstəlik keçirdi. Nəfəslə bağlı problemi var idi. Buna baxmayaraq, turnirdə beş görüş keçirdi və sonda "Paris-2024"ə vəsiqə qazandı. Buna görə xoşbəxtik".
Onun sözlərinə görə, Azərbaycan qadın güləşində 2028-ci ildə "Los Anceles"də keçiriləcək Olimpiadaya daha çox idmançı ilə yollanacaq: "Komandada Mariyadan başqa, təcrübəsi böyük olan idmançılardan qalmayıb. 53 və 62 kiloqram çəki dərəcəsində çıxış edən güləşçilər gənc idilər. Hazırda Azərbaycan qadın güləşində böyük inkişaf yaşayır. İnanıram ki, gələcəkdə uğurlu nəticələr qazanacağıq".
T.Əsgərov "Paris-2024" Yay Olimpiya Oyunlarında Mariya Stadnikin yüksək nailiyyət əldə edəcəyinə inandığını söyləyib: "Komanda olaraq onun yanındayıq. Əlimizdən gələni edəcəyik ki, Parisdə yaxşı nəticə qazansın".
Qeyd edək ki, Mariya Stadnik 4 qat olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avropa çempionudur.