İDMAN


“Rusiya 2018”: Polşa millisindən gözlənilməz məğlubiyyət

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da “Rusiya 2018”in altıncı günündə “H” qrupunda yer alan Polşa millisi Seneqal yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir, Moskvadakı “Spartak” stadionunda keçirilən görüşü bəhreynli Navaf Şükrallah idarə edib.

Polşa millisinin start heyətində Voycex Şesnı, Mixal Pazdan, Tiaqo Conek, Arkadiuş Milik, Robert Levandovski, Djeqoş Krixovyak, Kamil Qrosiçki, Macey Rıbus, Yakub Blaşikovski, Petr Zelinski, Lukaş Pişek meydana çıxıblar. Komandanın baş məşqçisi Adam Navalkadı.

Seneqal yığmasının ilk onbirliyində isə Xadim İndiaye, Kalibu Kulibali, Salif Sane, Musa Vaqe, Yussuf Sabali, Alfred İndiaye, İndrissa Qeye, Mame Diuf, Sadio Mane, Mbaye Niyanq, İsmayila Sarr yer alıblar. Seneqal millisinin məşqçisi Aliu Sissedir.

Oyunun favoriti sayılan Polşa millisi oyuna hücumlarla başlayıb. Buna baxmayaraq, hesabı Seneqal millisi açıb. Oyunun 37-ci dəqiqəsində avropalıların mərkəz müdafiəçisi Tiaqo Cionek topu öz qapısından keçirib - 0:1. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra Polşa futbolçuları irəli atılsalar da, növbəti qol məhz onların qapısına vurulub. Mbaye Nyanq müdafiəçilərin səhvini bağışlamayıb - 0:2. Oyunun sonuna dörd dəqiqə qalmış polşalılar hesab arasındakı fərqi azaldıb. Krixovyak adını tabloya yazdırıb - 1:2. Komandaların cəhdlərinə baxmayaraq, matçın qalan dəqiqələrində hesab dəyişməyib.

Beləliklə, Seneqal millisi Polşa yığmasını 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Polşa millisi yeddi dəfə mundiallarda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatlarının ikiqat bürünc mükafatçılarıdır (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.

Xatırladaq ki, “H” qrupunda birinci turundan sonra turnir cədvəlinə 3 xala malik Yaponiya və Seneqal milliləri başçılıq edir. Polşa və Kolumbiya yığmalarının hesabında isə xal yoxdur.

Altıncı günün sonuncu oyunu “Sankt-Peterburq Arena”da Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İkinci turun ilk oyununda ev sahibi Rusiya yığması Misir millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı argentinalı Kaseres Enrike idarə edəcək. Azərbaycanlı futbolsevərlər bu görüşü “İdman Azərbaycan” telekanalı və İctimai Televiziya vasitəsilə canlı izləyə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.