DÜNYA
Səmərqənddə “Hindistan-Mərkəzi Asiya” nazirlər dialoqu keçirilib
Səmərqənd, 13 yanvar, AZƏRTAC
Qədim Səmərqənddə Əfqanıstanın iştirakı ilə birinci “Hindistan-Mərkəzi Asiya” nazirlər dialoqu keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstanın xarici işlər nazirləri iştirak ediblər.
Görüşdə əsas diqqət qarşılıqlı ticarətin inkişafı, region ölkələrinin iqtisadiyyatına sərmayə qoyuluşu, həmçinin investisiya və texnologiyaların cəlb olunmasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, Mərkəzi Asiya dövlətlərində nəqliyyat-kommunikasiya və ticarət potensialının möhkəmləndirilməsi, turizm, elm, tibb, təhsil və idman sahələrində birgə layihələrin həyata keçirilməsinə yönəldilib.
“Hindistan-Mərkəzi Asiya” dialoqunda iştirak edən nazirlər Əfqanıstanla birgə bu ölkənin infrastruktur, tranzit-nəqliyyat, energetika, həmçinin regional və təsərrüfat sistemində müxtəlif layihələr həyata keçirməklə iqtisadiyyatın dirçəldilməsinin mümkün olduğunu vurğulayıblar.
Hindistanın xarici işlər naziri xanım Suşma Svaracın təklifi ilə xarici işlər nazirləri növbəti görüşün 2020-ci ildə Hindistanda keçirilməsi qərarına gəliblər.
Sonda birgə bəyanat qəbul olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd