Şimal regionunda direktor vəzifəsinə işə qəbul müsabiqəsində 55 namizəd iştirak edib
Quba, 15 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 15-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 151-dən 500 nəfərədək olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonları üzrə ümumilikdə 55 nəfər namizəd iştirak edib.
Namizədlər 80 dəqiqə ərzində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, 45 test tapşırığını cavablandırıblar.