AzTU əməkdaşı IFLA-nın 90-cı konfransında universitetin kitabxana şəbəkəsini təqdim edib
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Mətanət Ələkbərova Koreya Respublikasının Busan şəhərində IFLA-nın 90-cı konfransında iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, dünyanın 120-dən çox ölkəsindən 3500-dən artıq nümayəndənin iştirak etdiyi yubiley konfransı çərçivəsində 200-ə yaxın sessiya, poster təqdimatları, peşəkar görüşlər, müzakirələr, sərgilər və kitabxana ziyarətləri təşkil olunub. Tədbirin peşəkar və akademik sessiyalarında əsas diqqət müasir texnoloji yeniliklərin tətbiqi, açıq giriş və qlobal bilik infrastrukturu, rəqəmsal resursların əlçatanlığı və rəqəmsal transformasiya kimi aktual mövzulara yönəldilib. Səfər çərçivəsində AzTU nümayəndəsi universitetin kitabxana şəbəkəsini uğurla təqdim edib, həmçinin dünyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı tədbir iştirakçılarına AzTU kitabxanasının fəaliyyəti və rəqəmsal resursları barədə ətraflı məlumat verilib, qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.