DSMF “Əlçatan hüquq” layihəsini davam etdirir
Bakı, 18 avqust, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən icra edilən “Əlçatan hüquq” layihəsi çərçivəsində Fondun Gəncə-Daşkəsən Regional Filialında növbəti vətəndaş qəbulu keçirilib.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı Gəncə şəhəri Vəkillər Bürosunun vəkillərinin və regional filialın əməkdaşlarının iştirakı ilə vətəndaşlar qəbul edilib, onlara ödənişsiz hüquqi yardım göstərilib.
Qəbulda müraciətlər dinlənilib, vərəsəlik, kirayə müqaviləsi, sosial sığorta stajının təsdiqi və digər məsələlər üzrə hüquqi izahat və müvafiq tövsiyələr verilib.
Layihənin məqsədi vətəndaşların, xüsusilə sosial həssas qrupların hüquqi xidmətlərə əlçatanlığını artırmaq, hüquqi biliklərini gücləndirmək və hüquqlarının müdafiəsinə dəstək göstərməkdir.