Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri – Zaqatalada seminar
Zaqatala, 18 avqust, AZƏRTAC
Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) birgə təşkilatçılığı ilə “Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri” mövzusunda maarifləndirici seminar keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala RİH-dən məlumat verilib.
Bildirilib ki, seminarda Zaqatala RİH-in başçısının müavini İlkin Şəfizadə, AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov, aidiyyəti qurumların əməkdaşları, şəhər, qəsəbə, kənd icra nümayəndələri, bələdiyyələr və fermerlər iştirak ediblər.
Kənd təsərrüfatı bitkiləri üçün ciddi təhlükə yaradan bu zərərverici barədə vətəndaşları məlumatlandırmaq və qabaqlayıcı tədbirləri müzakirə etmək məqsədilə təşkil edilən seminarda vurğulanıb ki, qəhvəyi mərmər bağacığı polifaq zərərverici olmaqla, xüsusilə meyvə, tərəvəz və dənli bitkilərə ciddi ziyan vurur. Eyni zamanda, məhsuldarlığı və keyfiyyəti kəskin aşağı salır. Onun sürətlə çoxalma potensialı olduğuna görə, vaxtında aşkarlanması və kollektiv şəkildə mübarizə tədbirlərinin təşkili mühüm əhəmiyyət daşıyır.
Seminar çərçivəsində tədbir iştirakçıları ilə aktiv fikir mübadiləsi aparılıb və fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müxbir - Rasim İslamoğlu