Cənubi Koreya-ABŞ birgə təlimi vaxtından əvvəl başa çatacaq –YENİLƏNİB
Bakı, 19 avqust, AZƏRTAC
Cənubi Koreya ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) birgə keçirilən hərbi təlimi vaxtından əvvəl – avqustun 21-də başa çatdırılacaq.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, təlimin avqustun 17-27-də keçirilməsi planlaşdırılırdı. Lakin ABŞ-nin təklifi ilə təlimin vaxtının və miqyasının tənzimlənməsi barədə qərar qəbul olunub. Avqustun 17-də başlayan təlimin ayın 21-də yekunlaşdırılması qərara alınıb.
Qeyd edək ki, bu il mayın 16-da ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın rəhbəri Kim Çen Inla çox yaxşı münasibətlərinin olduğunu deyib. O, ABŞ-nin Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etməsinə narazılığını bildirib.
05:40
Şimali Koreya Amerika Birləşmiş Ştatlarının Cənubi Koreya ilə birgə keçirdiyi təlimlərə cavab olaraq özünümüdafiə hüququndan daha fəal şəkildə istifadə etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 17-də başlayan təlimlər Şimali Koreyanın və regionun təhlükəsizliyinə birbaşa və açıq təhdid kimi qiymətləndirilib.
Eyni zamanda, xəbərdarlıq olunub ki, Şimali Koreyanın suverenliyini və təhlükəsizliyini təhdid edən qüvvələr əks tədbirlərin birbaşa hədəfi olacaq.