Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalanıb
Bakı, 19 avqust, AZƏRTAC
Yenicə fəaliyyətə başlayan Naxçıvan Regional DOST Mərkəzinin xidmətlərindən elə ilk günlərdə artıq 300-dək vətəndaş faydalanıb.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Vətəndaşlar əsasən pensiya və müavinət məsələləri, sosial xidmətlərə, aktiv məşğulluq proqramlarına cəlb edilmə, əlillik və s. məsələlərlə bağlı müraciət ediblər. DOST konsepsiyasına uyğun olaraq onlara müxtəlif sosial istiqamətlər üzrə xidmətlərin “bir pəncərə” prinsipi əsasında, müasir və şəffaf, çevik şəkildə göstərilməsi təmin edilib.
Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Mərkəzdə, digər sosial xidmətlərlə yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, reabilitasiyası və xüsusi vasitələrlə təminatı üçün göndərişlərin rəsmiləşdirilməsi də həyata keçirilir.
164 sosial xidmətin vahid məkanda təqdim edildiyi, 117 işçi və 50 könüllünün çalışdığı mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.
Naxçıvan Regional DOST Mərkəzində də digər DOST mərkəzlərində olduğu kimi, vətəndaşlara xidmətlər qeydiyyat məhdudiyyəti olmadan göstərilir. Bu da Mərkəzin harada qeydiyyatda olmalarından asılı olmayaraq hər bir vətəndaş üçün ən yaxın, ən əlçatan və çevik sosial xidmətlərin ünvanı olduğunu bir daha təsdiq edir.
Yaxın dövrdə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST qəbul şöbələri də yaradılacaq.