REGİONLAR
Sumqayıtda sənaye tullantılarının təkrar emalı müəssisəsi istifadəyə verilib
Sumqayıt, 12 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində “AZPAL” Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni istehsal müəssisəsi açılıb. Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin müşahidə şurasının sədri Rasim Məmmədov və digər məsul şəxslər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, yeni müəssisədə metallurgiya şlaklarının təkrar emalı həyata keçiriləcək. Təkrar emal nəticəsində çınqıl, tikinti qumu və dəmir qalıqları ayrılaraq müxtəlif sahələrdə, eyni zamanda, yol tikintisində istifadə olunacaq.
Sənaye tullantılarının təkrar emalı müəssisəsinin istifadəyə verilməsi Sumqayıt şəhəri üçün mühüm iqtisadi və ekoloji əhəmiyyət kəsb edir.
Müəssisədə ilkin mərhələdə 100-ə yaxın şəhər sakini işlə təmin olunub.