Kristin Laqard Fransada prezident seçkilərinə görə AMB-dən vaxtından əvvəl ayrıla bilər
Paris, 3 iyul, AZƏRTAC
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard 2027-ci ilin oktyabrında başa çatacaq səlahiyyət müddətindən əvvəl vəzifəsini tərk edə biləcəyini və Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələrə qoşulacağını istisna etməyib.
AZƏRTAC xəbər verir ki, “Les Échos” qəzetinə müsahibəsində Laqard hazırkı mərhələdə Yaxın Şərqdəki müharibənin yaratdığı iqtisadi qeyri-müəyyənlik fonunda AMB-yə rəhbərlik etməyin vacibliyini vurğulayıb. O bildirib ki, avrozonada qiymət sabitliyinin qorunması üçün "AMB gəmisinin kapitanı öz yerində qalmalıdır".
Bununla belə, vəziyyət sabitləşərsə, vaxtından əvvəl istefa ehtimalını da açıq saxlayıb. "Bu mümkündür. Hesab edirəm ki, Fransada prezident seçkiləri ilə bağlı debatda Avropayönümlü bir səs eşidilməlidir", – deyə Laqard əlavə edib.
Onun sözlərinə görə, əgər seçki kampaniyasında Fransanın Avropa ilə inteqrasiyasını zəiflədən yanaşmalar ön plana çıxarsa, bunun ölkə və vətəndaşlar üçün mənfi nəticələri barədə ictimaiyyətə aydın izahat verilməlidir. Laqard yaxın aylarda bəzi namizədlərlə fikir mübadiləsinin də mümkün olduğunu qeyd edib.
AMB rəhbəri əlavə edib ki, Fransa qarşıdakı illərdə çətin iqtisadi məsələlərlə bağlı cəsarətli qərarlar qəbul etməli olacaq. O vurğulayıb ki, prezidentliyə namizədlər problemləri açıq şəkildə bildirməli və seçicilərə real həll yolları təqdim etməlidirlər.
Kristin Laqard, eyni zamanda, qeyd edib ki, hazırda hər hansı namizədi dəstəkləməsi və ya özünün namizəd olması gündəmdə deyil. Fransada növbəti prezident seçkilərinin birinci turu gələn il aprelin 18-də, ikinci tur isə mayın 2-də keçirilməlidir.