Latın Amerikasından olan sənətçilər: Bakıda möhtəşəm festivalda olduğumuz üçün çox xoşbəxtik
Bakı, 3 iyul, AZƏRTAC
Beşinci yubiley “Shahin Novrasli Festival”ı Latın Amerikasından olan sənətçilərin iştirak etdiyi möhtəşəm konsertlə açıldı.
AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə çilili müğənni və gitara ifaçısı Jozefina “Pepa” Beker Azərbaycanda ilk dəfə çıxış etdiyini bildirib.
“Bakıda bu möhtəşəm festivalda olduğum üçün çox xoşbəxtəm! Məni bura dəvət etdiyi üçün Şahin Növrəsliyə çox minnətdaram. Ümid edirəm ki, bu gün hər kəs bizimlə birlikdə oxuyacaq və rəqs edəcək!”, - deyə o vurğulayıb.
Vokalçı “Nomade” musiqi qrupu ilə çıxış edir. Qrup dünyanı gəzir və Latın Amerikası folklor musiqisinin sədalarını müasir ritmlərlə birlikdə təqdim edir. “Biz çox həyəcanlıyıq və səhnəyə çıxışı səbirsizliklə gözləyirik”, - deyə o bildirib.
Kontrabas ifaçısı Erik Jako (Fransa) və baraban ifaçısı Ayzek Camba (Braziliya) da musiqiçilərlə çıxış ediblər.