REGİONLAR
Tarzən Arslan Növrəsli Xaçmazda etno–caz qrupu ilə birgə konsert verib
Xaçmaz, 22 aprel, Elxan Yusifli, AZƏRTAC
Tar ifaçılığı tarixində ilk dəfə caz kompozisiyaları, harmonik caz standartları ifa edən tarzən Arslan Növrəsli etno-caz qrupu ilə birgə Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təşkil olunub.
Konsertdən əvvəl Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fərid Musayev bildirib ki, zəmanəmizin görkəmli dövlət xadimi kimi tanınan Ulu Öndər Heydər Əliyev mənalı ömrünü dövlətçiliyimizin möhkəmlənməsinə, mədəniyyətimizin və incəsənətimizin çiçəklənməsinə həsr edib. Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşamağa başladı. Dahi şəxsiyyət hər zaman sənətə və sənətkara dərin hörmət və ehtiramla yanaşdı. Mədəniyyətimizin və incəsənətimizin tanınmış nümayəndələrinin xatirəsini əbədiləşdirmək naminə xeyli faydalı işlər görüldü. Bu gün Heydər Əliyev yolu, strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan konsertdə Arslan Növrəsli etno-caz qrupu ilə birgə müxtəlif caz kompozisiyaları, harmonik caz standartları, muğam və klassik musiqilər ifa edib.
Azərbaycan Milli Konservatoriyasının tar sinfinin məzunu olan Arslan Növrəsli çoxsaylı festivallar və müsabiqələrin laureatı və qalibi adını qazanıb. İstedadlı tarzən tarda muğam, klassik musiqi, caz ifa edərək ölkəmizdə və onun hüdudlarından kənarda dövlət tədbirlərində çıxışlar edib, çoxsaylı solo konsertlər verərək yüksək səviyyəli musiqi kollektivləri ilə birgə eyni səhnəni bölüşüb.