İDMAN


Vinq-çun üzrə dünya çempionatında uğurla çıxış edən milli komandamızın üzvləri Vətənə qayıdıblar

Bakı, 4 dekabr, AZƏRTAC

Çinin Foşan əyalətində keçirilən vinq-çun üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri dekabrın 4-də Vətənə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları milli komandamızın üzvlərini ictimaiyyətin nümayəndələri, idmançılar, federasiya rəsmiləri və mətbuat təmsilçiləri qarşılayıblar.

Yarışda ölkəmizi altı idmançının təmsil etdiyini deyən Azərbaycan Vinq-çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov bildirib ki, komandamızın üzvləri çempionatda uğurla çıxış edərək altı medal qazanıblar. Medallardan üçü qızıldır. Dünya çempionatında Azərbaycanın dövlət himni üç dəfə səsləndirildi. Milli komandamızın çempionatda ilk dəfə çıxış etməsinə baxmayaraq, belə nəticə göstərməsi böyük uğurdur. Qırx dörd ölkənin mübarizə apardığı mundialda Azərbaycan milli komandası medal sayına görə beşinci pilləyə yüksəlib. İnanırıq ki, növbəti illərdə daha yaxşı nəticə əldə edəcəyik.

Dünya çempionatında ilk dəfə çıxış etməsinə baxmayaraq, çempion olan Elsevər Zülfiyev yarışların gərgin idman mübarizəsi şəraitində keçdiyini vurğulayaraq deyib: “Çempionata çox ciddi hazırlaşmışdıq. Çempionatda dünyanın ən güclü vinq-çun idmançıları mübarizə aparırdı. Sevinirəm ki, əzmkarlıq nümayiş etdirib bütün görüşləri qələbə ilə başa vurmağa və dünya çempionu adını qazanmağa nail oldum. Çində Azərbaycan Respublikasının dövlət himnini səsləndirdiyim üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, dünya çempionatında Elsevər Zülfiyev, Nihat Azayev və Asif Sayadov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılarımız Əlfi Məmmədov, Arzuman Rəsulzadə və Mahmud Mehdioğlu isə gümüş medallara layiq görülüblər.

Milli komandamız çempionatda federasiyanın rəhbəri Asif Sayadovun rəhbərliyi ilə mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.