“Virtual aləmə səyahət” klubu layihəsinin qalibləri mükafatlandırılıb
AzerTAg.az
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində "Virtual aləmə səyahət" klubu layihəsinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri Aytən Bağıyeva İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolunun orta məktəbdən başlandığını bildirib. Qeyd edib ki, peşəkar və səriştəli müəllimlər yeniliyə meyilliliyi, pedaqoji prosesə yaradıcı yanaşması ilə seçilməlidir: "Layihəmizin başlıca məqsədi virtual reallığın yeni və daha maraqlı öyrənmə üsulları ilə şagirdləri daha innovativ və ağıllı ideyalar təklif etməyə yönəltməkdir. Həmçinin yaradıcılığa həvəsləndirməyə sövq etməklə şagirdləri müasir texnologiyalardan tədris mühitində səmərəli istifadəyə istiqamətləndirmək, istedad və qabiliyyətlərini daha müasir avadanlıq və texnologiyanın tətbiqi ilə müəyyənləşdirməkdən ibarətdir. Layihə çərçivəsində virtual reallığın sinif mühitində istifadəsini araşdırmaqla ən müasir və sınanmış beynəlxalq təcrübələr öyrənildi".
Aytən Bağıyeva qeyd edib ki, layihə çərçivəsində 291 nömrəli Ekologiya liseyi ilə də əməkdaşlıq qurulub. "Virtual aləmə səyahət" klubunda müasir beynəlxalq təcrübələrin öyrənilməsində şagirdlər fəal iştirak edir, özlərinin həvəskar videolarının yaradılması prosesini çox böyük bacarıq və həvəslə icra edirlər.
Sonda qaliblər sertifikatlarla mükafatlandırılıb.



Xəbərin mətnində orfoqrafik səhv var