REGİONLAR


Zaqatalada çayçılıq inkişaf etdirilir

Zaqatala, 4 iyun (AZƏRTAC). Zaqatala rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən biri də çayçılıqdır. Keçən əsrin 70-80-ci illərində Zaqatala rayonu ərazisində 90 hektar, Balakən və Qax rayonlarında 30 hektar məhsuldar çay plantasiyaları vardı. Həmin plantasiyalardan hər il 250 tondan artıq yaşıl çay yarpağı tədarük edilir, bu kütlədən də 60-65 ton yüksək keyfiyyətli qara çay emal olunaraq Bakı və Lənkəran şəhərlərindəki çay çəkici fabriklərə göndərilirdi. Lakin sonralar çay istehsalı kəskin surətdə azalmağa başlamışdır.

Rayonun əsas çay istehsalçısı olan “Zaqatala-Çay” MMC-nin sədri Abdulməcid Şabanov AZƏRTAC-a bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından (2004-2008-ci illər) irəli gələn vəzifələrin icrası rayonda digər sahələrlə yanaşı, çayçılığın da inkişafına təkan vermişdir. Dövlət Proqramının icrasının ilk ilində - 2004-cü ildə rayondakı 60 hektar çay plantasiyasının yalnız 5 hektarı məhsuldar idi. Bu sahənin dirçəldilməsi üçün həyata keçirilən tədbirlər sayəsində son illər 35 hektar çay plantasiyası məhsuldar vəziyyətə gətirilmiş, Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) alınmış güzəştli kredit hesabına 2009-cu ildə daha 5 hektar çay plantasiyası bərpa edilmişdir. Hazırda rayonda 40 hektar məhsuldar çay plantasiyası mövcuddur.

Cəmiyyətin sədrinin fikrincə, SKMF-dan alınacaq növbəti kreditin hesabına yaxın gələcəkdə 10 hektar çay plantasiyasının bərpa edilərək məhsuldar vəziyyətə gətirilməsi, əlavə olaraq daha 5 hektar sahədə yeni plantasiyanın salınması nəzərdə tutulmuşdur. Növbəti kreditin alınması ilə bağlı artıq Fonda müraciət olunmuşdur.

Qeyd edək ki, “Zaqatala-Çay” MMC son illər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə sıx əməkdaşlıq qurmuşdur. GİZ-in mütəxəssisləri vaxtaşırı Zaqatala rayonunda olur, ekoloji təmiz məhsulun istehsalı ilə bağlı yerli çay istehsalçıları üçün treninqlər təşkil edirlər. Bundan əlavə, MMC-nin nümayəndələri cari ilin aprelində Türkiyənin İzmir şəhərində keçirilən ekoloji təmiz məhsulların sərgisində də iştirak etmiş, çay emalı fabriklərində istehsal prosesi ilə tanış olmuşlar.

Cəmiyyət bu ildən müxtəlif həcmli qutularda cökə çiçəyi, kəklikotu, qızılgül ləçəyi və digər növ qarışıq çayların istehsalına başlamağı planlaşdırır.

Hazırda çay plantasiyalarında cari mövsümün birinci yığımı davam edir. Rayonda fəaliyyət göstərən iki çay fabriki tərəfindən indiyədək 19 ton yaşıl çay yarpağı tədarük olunmuş, bu məhsuldan 3,8 ton quru çay emal edilmişdir. Növbəti yığım dövründə məhsuldarlığın daha yüksək olacağı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.