® “Azercell”in dəstəklədiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir
Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə ötən ildən həyata keçirilən “I2B - İdeyadan Biznesə” layihəsi uğurla davam etdirilir. “Azercell Telekom” MMC-nin tərəfdaş qismində çıxış etdiyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının “İnkişaf Proqramı” və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan layihə çərçivəsində bu ilin ilk startap turu Mingəçevir şəhərində təşkil olunub. Mingəçevir şəhəri ilə yanaşı, Gəncə şəhəri, Şəki, Tərtər, Şəmkir, Ucar, Balakən, Yevlax və Ağdaş rayonlarından olan 100-dən çox gənc startap turuna qatılıb.
Tədbirdə “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov çıxış edib. O, Azərbaycanda startap sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra layihələrin uğurla həyata keçirildiyini qeyd edib. Bu kimi tədbirlərin yeni IT layihələrinin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznesə çevrilməsinə yardım etməklə yanaşı, həm də gənc startapçıların mentorluq dəstəyi, ölkədaxili və xarici investorlarla görüş kimi imkanlarla təmin olunmasına şərait yaratdığını diqqətə çatdırıb.
Mingəçevirdə baş tutan tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninq keçirilib və iştirakçılardan ibarət 8 komanda formalaşdırılıb. İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutub. Bu mərhələnin sonunda münsiflər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdiriblər. Beləliklə, 1-ci yerə “Self”, 2-ci yerə “Way friend”, 3-cü yerə isə “SCash” layihəsi layiq görülüb.
Mingəçevirdən sonra növbəti startap turu Sabirabad rayonunda təşkil olunub. Sabirabad rayonu, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə 150-dən çox gənc qatılıb. Müzakirələrdən sonra münsiflər region üzrə 1-ci yerə “OSHE01”, 2-ci yerə “AVP”, 3-cü yerə isə “2SI” layihəsini layiq görüblər. Qeyd edək ki, qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Milli Finalda qalib gələcək ilk üç yerin sahibləri mükafatlandırılacaq, həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil və 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. Bu il isə startap turları Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcək.
“Azercell Telecom” MMC və PAŞA Bankın dəstəyi ilə fəaliyyət göstərən, Azərbaycanın ilk biznes inkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 10 il ərzində bir çox layihələrin həyata keçirilməsinə öz töhfəsini verib, 20-yə yaxın startapın müstəqil şirkətə çevrilməsinə kömək olub.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99,1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə “Qızıl Sertifikatı”na layiq görülən yeganə şirkətdir.