İQTİSADİYYAT
® “Azercell”in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşıb
Azərbaycanın lider mobil operatoru “Azercell Telecom”un iyul ayından başlayaraq “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında ölkəmizin müxtəlif regionlarında həyata keçirdiyi layihə öz yekun sədasını avqustun 26-da qədim paytaxtımız Gəncə şəhərindən yayımlayıb.
Xatırladaq ki, bütün Azərbaycanı yeni bağlantı erasına hazırlayan “Azercell Telecom” özünün 4G şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə ölkə əhalisinin əhatəsində 86,2 faiz, coğrafi ərazi əhatə dairəsində isə 61,4 faiz yüksəlişə nail olub. Həmçinin gündəlik LTE data istifadəsində 49,6 faiz, LTE yükləmə və ötürmə sürətində isə 16 faizədək yüksəliş qeydə alınıb. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsi “Azercell”in 4G şəbəkəsinin əhatə dairəsində olub və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.
Əsas hədəfi fəaliyyət göstərdiyi sahədə meydana gələn texnoloji trendləri hamı üçün əlçatan etmək olan “Azercell Telecom” iyulun 29-dan etibarən Gəncə də daxil olmaqla Naxçıvan, Ordubad, Şərur, Quba, Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Cocuq Mərcanlı kəndi, Mingəçevir, Yevlax, Lənkəran, Qazax, Tovuz, Şəmkir bölgələrində baş tutan “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində keçirilən tədbirlərdə 130 minədək insanı bir araya toplayıb.
Digər bölgələrdə olduğu kimi, Gəncədə də keçirilən əyləncəli tədbir öz ətrafına 20 mindən çox şəhər sakinini cəlb edib. Əhali tərəfindən böyük maraqla qarşılanan tədbirlərdə müasir interaktiv əyləncələr və intellektual oyunlar geniş yer alıb. Bununla yanaşı, budəfəki tədbirə İnnovasiyalar Agentliyinin startapçısı, “CustomAR” şirkətindən Fərid Davudov “Yüksəklik” oyunu ilə qatılıb. Təşkil edilən müsabiqə və oyunların iştirakçılarına “Azercell” tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Layihə çərçivəsində iştirakçılar mobil qurğuların texniki imkanları, texnoloji yeniliklərin insan həyatını necə rahatlaşdıra biləcəyi haqda məlumatlandırılıb.
Qeyd edək ki, axşam saatlarında keçirilən genişmiqyaslı əyləncəli proqramla yanaşı, layihə bu səfər də cəmiyyətə qayğı və sosial məsuliyyəti hədəf tutaraq ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə yerləşən SOS Uşaq Kəndi, qaçqın və məcburi köçkün düşərgələri, eləcə də, Gəncə şəhər Uşaq Evinin sakinlərini əhatə edib. Belə ki, “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Mobil Göz” və “Mobil Diş” klinikaları Gəncə SOS Uşaq Kəndində 70-dən çox uşağı müayinədən keçirib və ilkin müalicələr aparıblar. Kəndin balaca sakinlərinə, həmçinin “Azercell”dən məktəb ləvazimatları və hədiyyələr də paylanıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi ilə birgə “Azercell”in nümayəndə heyəti, həm də Gəncədə məskunlaşan Xocalı və Kəlbəcərdən olan məcburi köçkün ailələrini də ziyarət edib, onlara da öz hədiyyələrini təqdim edib. Layihənin sosial məsuliyyət təşəbbüsləri Gəncədə yerləşən Uşaq Evini də əhatə edərək, yeni tədris ili ərəfəsində 70 uşağı yeni məktəb ləvazimatları ilə sevindirib.
Beləliklə, ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə keçirilən tədbirlə mobil operator müxtəlif regionlarda Azərbaycan əhalisinin rəqəmsal dünyanın yenilikləri ilə tanış olmasına, isti yay aylarında innovativ həllər vasitəsilə əyləndirilməsinə və sosial qayğıya ehtiyacı olan sakinlərin rifahının yüksəldilməsinə yönəlik tədbirlər silsiləsinə yekun vurmuş olub.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.