CƏMİYYƏT
® Gələcək həkimlər Mərkəzi Gömrük Hospitalının bazasında təhsil alırlar
Mərkəzi Gömrük Hospitalının bazasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının üçüncü kurs tələbələri daxili xəstəliklərin propedevtikası fənninin tədrisinə başlayıblar.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev tələbələrə daxili üzvlərin xəstəlikləri zamanı tətbiq olunan müayinə üsulları, xəstəliklərin yaranma səbəbləri və inkişaf mexanizmi, eləcə də xəstəliklərin simptomları, kliniki müayinə metodları və profilaktikasını tədris edir.
Həmçinin Müalicə işi fakültəsinin III qrup tələbələri Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya, Stasionar və digər şöbələrində olub, burada aparılan müayinə və müalicə prosesi, eləcə də ən müasir tibbi avadanlıqlar barədə ətraflı məlumat alıblar.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, yerli və regional səviyyəli sertifikatlaşdırılmış tibbi təlim kursları, elmi-praktik tədbir və tədqiqatlar təşkil olunur, eləcə də rezident və ixtiraçıların təcrübə mübadiləsinin təmin edilməsi üçün birgə tədris proqramları həyata keçirilir.