İQTİSADİYYAT
® Toplumdan seçilib öz fikir və ideyalarını nümayiş etdirmək imkanı
"Azercell" "Global Influencer Day" tədbirinin GSM sponsorudur
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" MMC marketinq sahəsində trenddə olan ən aktual mövzuları müzakirə etmək üçün müxtəlif sahə ekspertləri, influenserlər (cəmiyyətdə təsir qabiliyyətinə malik şəxslər), sahə oyunçuları, brend və biznes sahiblərini bir araya gətirən "Global Influencer Day" tədbirinə dəstək verir.
"Azercell" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək "İnnovasiya həftəsi" çərçivəsində baş tutacaq "Global Influencer Day"in GSM sponsoru kimi iştirak edir. Oktyabrın 26-da keçirilən tədbirin mətbuat konfransında sual-cavab sessiyası və fikir mübadiləsi aparılıb. "Azercell Telekom" MMC-in Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya çıxışında bu tədbirlərin insan həyatının asanlaşdırılmasına, onun keyfiyyətinin artırılmasına doğru atılan addımlardan olduğunu bildirib, süni intellekt, əşyaların interneti, big data, İKT-da sahibkarlıq və s. bu kimi anlayışları cəmiyyət üçün mümkün və daha yaxın edən insanlara və təşkilatlara uğurlar arzu edib. Şirkət və brend sahiblərinin öz məhsullarını təqdim etməsi üçün əlverişli platforma hesab edilən tədbir "Keepface Influencer" Marketinq Platformasının rəsmi dəstəyi ilə "FA International Trade Events" şirkəti tərəfindən oktyabrın 27-28-də Bakıda keçiriləcək.
Ölkəmizdə ikinci dəfə təşkil olunacaq tədbirin məqsədi brendlərlə "influencer"ləri bir araya gətirməkdir.
"Microsoft", "Google" və "Instagram" kimi nüfuzlu şirkətlərin nümayəndələrin, öz sahələrində mütəxəssis olan spikerlərin və uğurlu təşəbbüskarların iştirak edəcəyi tədbirdə rəqəmsal marketinqin yeni trendləri, sosial şəbəkə təsiri və "influencer marketing" kimi mövzular müzakirə olunacaq, təqdimatlar nümayiş etdiriləcək. Hamının səbirsizlik və maraqla gözlədiyi əsas çıxışçı süni intellekt sahibi, robot Sofia da tədbirdə çıxış edəcək. Tədbirin sonunda influenserlərin mükafatlandırma mərasimi olacaq.
Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi "Azercell"in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə "Azercell" ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell" şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. "Azercell" ölkədə və MDB məkanında beynəlxalq "Investors In People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.