"Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" layihəsinin onlayn təqdimatı keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də "Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması" layihəsinin yeni mərhələsinin başlamasına dair “Qadınların iştirakı ilə icmaların inkişafı" mövzusunda virtual konfrans keçirilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) AZƏRTAC-a bildirilib ki, konfransın açılış hissəsində FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyi sədrinin müavini Leyla Məmmədova hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və digər sahələrin təmsilçilərini salamlayaraq layihənin kənd təsərrüfatının davamlı inkişafındakı rolunu və fəal iştiraklarına görə qadın fermerlərin rolunun vacibliyi vurğuladılar. Qeyd edək ki, bu gün qadın fermerlər kənd təsərrüfatındakı məşğulluğun təxminən 50 faizini təşkil edir.
Mələk Çakmak layihənin töhfələrdən danışarkən qeyd edib: “Layihənin məqsədi aqrar sahədə çalışan qadınların iqtisadi potensialını artırmaqla ölkədə yoxsulluğun aradan qaldırılmasına, və sosial bərabərliyin təmin olunmasına töhfə verməkdir. Bütün qadın sahibkarların 32 faizinin kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqla məşğul olduğunu nəzərə alsaq, kənd yerlərində işləyən qadınların imkanlarının genişlənməsi üçün böyük potensial var. FAO olaraq bu layihə çərçivəsində aqrar sahədə çalışan qadınların məlumatlara, biliyə, kredit resurslarına, emal vasitələrinə və bazara çıxış imkanlarına dəstək verəcəyik. Qadınların rolunun tanınması üçün birgə çalışacağıq”.
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyi sədrinin müavini Leyla Məmmədova öz tərəfindən kənd yerlərində çalışan qadınların rolundan danışıb: “Zəhmətkeş xanımlarımızın ölkə iqtisadiyyatına və xüsusilə kənd təsərrüfatının inkişafında rolu böyükdür. Qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur. Bugünkü tədbirdə iştirak edən hər bir zəhmətkeş xanımın uğuru digər xanımların daha güclü olmasına səbəb olacaq və ümid edirəm ki, bu layihədən ilhamlanaraq nəticədə bir neçə uğurlu qadın sahibkarları görə bilərik”.
Tədbir zamanı iştirakçılar uğurlu təsərrüfat sahələri yaradılması istiqamətində fermer qadınların genderə əsaslanan qazanc fərqləri, iş imkanlarına və sosial xidmətlərə çıxışı zamanı yaranan bir sıra çətinliklər, habelə maliyyə bazarlarına çıxış imkanlarının məhdudluğu, məhsulların tanıdılması imkanlarının olmaması kimi məsələlərə toxunublar.
Tədbirdə layihənin təşkilatçı tərəfləri, qadınların səlahiyyətləndirilməsi və sahibkarlığın inkişafı ilə məşğul olan rəsmilər, qeyri-hökumət təşkilatları, özəl şirkətlərdən nümayəndələr və 20 bölgədən qadın fermerlər iştirak edib.