İQTİSADİYYAT
"Elektron hökumət" portalında "Fikir bankı"na yeni funksionallıqlar əlavə edilib
Bakı, 31 iyul, Xatirə Cəfərova, AZƏRTAC
"Elektron hökumət" quruculuğu üzrə təkliflərin və ideyaların göndərilməsi məqsədilə yaradılan "Fikir bankı"na yeni funksionallıqlar əlavə edilib.
Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, "Fikir bankı”nda təklifi görən istifadəçilər üçün "bəyəndim” və "bəyənmədim” adlı sadəcə iki düymə mövcud idi. Bu düymələrin üzərinə vurmaqla portaldan istifadə edən digər vətəndaşların münasibətini öyrənmək mümkün idi. Hazırda isə artıq 3-cü düymənin “Fikir bankı”na əlavə edilməsi ilə vətəndaşlar xidmətin alt hissəsində olan şərh bölməsindən istifadə edərək burada toplanmış təkliflərə öz münasibətlərini bildirə bilərlər.
Yeni yaradılmış funksionallıqlardan biri də istifadəçilər tərəfindən təklif və rəylərin videoya çəkilərək "Fikir bankı”na göndərilə bilməsidir. Həmçinin, "ən son əlavə olunanlar”, "ən reytinqlilər” kimi iki düymə də var ki, bununla da istifadəçilər ən çox bəyənilən ideyanı müəyyənləşdirə bilərlər. Məsələn, hazırda ən çox reytiq toplayan "Vətəndaşın adına olan bütün kredit ödənişlərinin, cərimələrin, kommunal ödəmələrin "E-hökumət tərəfindən təqdim olunan "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidmətində əks olunması” təklifi 11 min 729 dəfə bəyənilib.
"Fikir bankı” vasitəsilə istifadəçilər tərəfindən təklif olunan xidmətlər artıq reallaşdırılıb. Bu xidmətlərə "Diplom haqqında arayış", Portalda "Mənim xidmətlərim” bölməsinin yaradılması, "Yaşayış yeri haqqında arayış", "Tibbi müayinə kartının onlayn sifarişi" və sair aiddir.
"E-gov fikir bankı” xidməti, artıq iki ildir ki, fəaliyyət göstərir. İnternet istifadəçisi olan hər bir şəxs portalın ana səhifəsində yerləşdirilmiş "Fikir bankı”na daxil olmaqla (https://www.e-gov.az/teklifler/) "Elektron hökumət”ə aid istədiyi təklifi daxil edə bilir. Vətəndaşın verdiyi ideya və təkliflər portalın inzibatçıları tərəfindən dəqiqləşdirilib təsdiqlənir. Bundan sonra təklif portalda əks olunur və təsdiqlənmiş təklifi digər istifadəçilər də görə bilirlər. "E-hökumət” portalının daha da təkmilləşdirilməsinə maraq göstərən internet istifadəçiləri "Fikir bankı” vasitəsilə təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya "Facebook” hesabı ilə autentifikasiyadan keçməlidirlər.
Qeyd edək ki, "Elektron hökumət” portalında "Fikir bankı”ndan başqa, "Əks əlaqə”, "Onlayn konsultasiya” xidmətləri də fəaliyyət göstərir. Bu xidmətlərin yaradılmasında məqsəd istifadəçilərin "Elektron hökumət”, elektron xidmətlərlə bağlı irad, rəy və təkliflərini öyrənmək və dəyərləndirməkdir.