İQTİSADİYYAT
"Elektron hökumət" portalının “Android” üzərindən mobil versiyası istifadəyə verilib
Bakı, 6 may, AZƏRTAC
“Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri "Elektron hökumət" portalının mobil versiyasından faydalana biləcəklər.
Portaldan AZƏRTAC-a bildirilib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 7, Daxili İşlər Nazirliyinin 1, Ədliyyə Nazirliyinin 1, Səhiyyə Nazirliyinin 3 elektron xidmətini, həmçinin 6 adda arayışı artıq mobil cihazdan əldə etmək olar.
Portalın mobil versiyası xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb. Bu da tətbiqdən istifadə rahatlığını təmin edir, eyni zamanda, internet trafikə qənaət olunmasına səbəb olur.
“Android” əməliyyat sistemində çalışan mobil cihaz istifadəçiləri ilk vaxtlar “Elektron hökumət” portalı üzərindən təqdim olunan 423 elektron xidmətdən 18-nə öz mobil cihazları vasitəsilə müraciət edə biləcək. Mobil əlavəyə giriş “Elektron imza” kartı, istifadəçi adı/şifrə, mobil İD vasitəsilə mümkündür.
Həmçinin “Elektron hökumət” portalının mobil əlavəsi vasitəsilə vətəndaşlar kommunal, ipoteka, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələr barədə real vaxt rejimində xəbər tuta biləcəklər. Tətbiqin “istifadəçi məlumatları”, "favorit elektron xidmətlər" və "son yeniliklər" kimi funksionallıqları var.
Mobil tətbiq vasitəsilə aidiyyəti suallarla bağlı “157 Zəng Mərkəzi”nə müraciət etmək mümkündür.
Artıq bir çox xidmətlər "Elektron hökumət" portalının mobil əlavəsi vasitəsilə vətəndaşlara daha rahat və yaxındır.
Qeyd edək ki, bu tətbiqi “Play Store”da "Elektron hökumət” portalı yazıb axtarış etməklə mobil qurğuya yükləmək olar.