"Gənclərin Liderlik Akademiyası" düşərgəsi keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 3-dən 8-dək Göygöl Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Gənclərin Liderlik Akademiyası" düşərgəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, düşərgədə ölkəmizin müxtəlif bölgələrindən olan 600-dən çox müraciət sırasından seçilən 110 gənc iştirak edib. Layihənin gedişatında gənclərin müxtəlif dövlət rəsmiləri, iş adamları, tanınmış idmançılar və QHT rəhbərləri ilə görüşləri baş tutub. Həmçinin iştirakçılara zamanın idarə edilməsi, təqdimat bacarıqları, karyera quruculuğu, ünsiyyət və debat və sair mövzularda peşəkar təlimçilər tərəfindən sessiyalar keçirilib.
Gənclərə dövlətçilik və vətənpərvərlik mövzusunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi tarixi Qələbə və ölkə Prezidentinin həyata keçirdiyi gənclər siyasətinin yaratdığı imkanlar barədə bəhs olunub. Eyni zamanda, gənclərə regionlarda yaradılan infrastruktur və mexanizmlər, o cümlədən Gənclər Evləri, Gənclərin İnkişaf və Karyera mərkəzləri, regional gənclər təşkilatlarının fəaliyyətləri barədə məlumat verilib.
Düşərgənin gedişatında gənclər üçün fiziki hazırlıq, əyləncə və istedadların nümayiş etdirilməsi kimi tədbirlər də təşkil olunub.