"Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Ümumdünya İmmunitet Gününə həsr olunmuş "Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, pediatr, neonatoloq, immunoloq, anestezioloq-reanimatoloq, infeksionist, uşaq-cərrahı və revmatoloqların iştirak etdiyi konfransın açılışında Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev çıxış edərək uşaq xəstəliklərinin erkən diaqnostika və müalicə işinin təşkili sahəsində beynəlxalq elmi tədqiqatların nəticələrinin araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də yerli və xarici mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsinin çox mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.
Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri, həkim-neonatoloq Rüstəm Hüseynov, həkim-pediatr Erkin Rəhimov, Türkiyənin Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkaya çıxış edərək mövzunun aktuallığını vurğulayaraq immun sistem və infeksion xəstəliklər arasındakı əlaqə barədə danışıblar.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev və Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkayanın moderatorluğu ilə “Uşaqlarda immun sistemin formalaşması”, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov və Ankara Universiteti Tibb Fakültəsinin professoru Nazan Çobanoğlunun moderatorluğu ilə “Uşaqların immun sistemində yaranan problemlər”, Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova və Türkiyənin Sağlık Bilimleri Universiteti Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkayanın moderatorluğu ilə “Vaksinasiya”, Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin rəisi Telman Aytayev və Ege Universiteti Tibb fakültəsinin pediatr-immunoloqu Neslihan Karacanın moderatorluğu ilə “Limfoadenopatiyalı uşaqlara yanaşma”, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rüstəm Hüseynov və Ankara Universiteti Tibb fakültəsinin neonatoloq-reanimatoloqu Emel Okulunun moderatorluğu ilə “İnfeksiyaya nəzarət tədbirləri”, Mərkəzi Klinik Xəstəxananın Pediatriya və neonatologiya şöbəsinin müdiri Sevda Əsədova və İstanbul Mədəniyyət Universiteti Tibb fakültəsinin professoru Fahrı Ovalının moderatorluğu ilə “İnfeksiyalara müasir yanaşma” panellərində müzakirələr aparılıb.
İki gün davam edən konfransda Türkiyə və Azərbaycanın professor-həkim heyəti tərəfindən 6 paneldə ümumilikdə 17 məruzə dinlənilib.