"Seedstars World" müsabiqəsində Azərbaycanı təmsil edəcək startap bəlli olub
Bakı, 14 avqust, AZƏRTAC
"Azercell"in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə azərbaycanlı startaplar arasında keçirilən müsabiqənin qalibi və "Seedstars World"da ölkəmizi təmsil edəcək startapın adı bəlli olub. Dünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını Piriyev Aero adlı startap qazanıb.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, qalib müsabiqəyə "Dronee" layihəsi ilə qatılıb. Bu layihə özündə "Hardware" platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur. Developerlər drona uyğun "hardware" (daşınan çoxsahəli kamera, hava sensoru, termal kamera, 4G modem və s.) və əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər.
On iki yerli startap arasında qalib seçilən Piriyev Aero 2016-cı ilin fevralında İsveçrədə keçiriləcək "Seedstars World" müsabiqəsində iştirak edəcək. Müsabiqədə ikinci yerə xatırlama xüsusiyyəti ilə tapşırıq göndərən "Flapus" mobil əlavəsi, 3-cü yerə isə bulud texnologiyaları üzərində qurulmuş multi-platformalı data sinxronizasiyası xidməti "Bethclip" layiq görülüb.
"Azercell" ilə yanaşı "Paşa Bank"ın təşkilatçılığı və dəstəyi ilə baş tutan bu müsabiqə inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal bir layihədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.
"Azercell Telekom" Dünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin "Seedstars" şirkəti ilə tərəfdaşlıq edir. "Azercell"in departament rəhbəri İmran Bağırov "Seedstars World" səfiri seçilib.