"Səyyar gənclər xidməti" layihəsi çərçivəsində İsmayıllıda maarifləndirmə tədbirləri təşkil olunub
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda “Səyyar gənclər xidməti” layihəsi çərçivəsində maarifləndirici təlim təşkil edilmişdir. “Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin açılışında İsmayıllı Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun, Azərbaycan Respublikasının Gənclər Fondunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində gənclər üçün “Dövlətçilik və vətəndaşlıq”, “Rəqəmsal bacarıqların artırılması”, “Təhsil və karyera”, “Sağlam həyat tərzi” mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində master-klaslar təşkil olunub, həmçinin rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüş keçirilib.
Tədbir zamanı gənclərin narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik riskləri, hüquqa zidd əməllər, hüquqi məsuliyyət və digər məsələlər barədə ətraflı məlumat verilib.
Sonda gənclərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı təbliğat materialları təqdim edilib.