CƏMİYYƏT
"Sinovac Biotech"in vaksinlərinin ilk partiyaları Meksika və Kolumbiyaya çatdırılıb VİDEO
Pekin, 22 fevral, AZƏRTAC
Çinin "Sinovac Biotech" şirkətinin COVID-19 əleyhinə peyvəndlərinə dünyada maraq getdikcə artır.
AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, vaksinasiya prosesində istifadə olunmaq üçün "CoronaVAC" peyvəndinin ilk partiyaları Meksika və Kolumbiyaya çatdırılıb.
Meksikanın Sağlamlıq Risklərinə qarşı Müdafiə üzrə Federal Komitəsi bir həftə əvvəl Çinin "Sinovac Biotech" və "CanSino Biologics" şirkətlərinin CODID-19 infeksiyası əleyhinə vaksinlərinin təcili istifadəsini təsdiqləyib.
Kolumbiyanın Dövlət Ərzaq və Dərman Nəzarəti İnstitutu isə fevralın əvvəlində "Sinovac" şirkətinin peyvəndinin təcili istifadəsinə icazə verib. Ölkənin vaksinasiya proqramına əsasən, ilk mərhələdə tibb işçiləri və yaşlılar da daxil olmaqla yüksək risk qrupundan olanlara peyvənd vurulacaq.
"Sinovac Biotech" şirkətindən verilən məlumata əsasən, Filippinin Ərzaq və Dərman Administrasiyası "CoronaVAC" peyvəndinin təcili istifadəsini təsdiqləyib.
Qeyd edək ki, Braziliya, Türkiyə, İndoneziya, Malayziya və bir neçə başqa ölkə COVID-19 əleyhinə vaksinasiya proqramında məhz “Sinovac Biotech” şirkətinin “CoronaVAC” peyvəndi tətbiq olunur. Yanvarın 18-dən Azərbaycanda başlayan vaksinasiya prosesində də “CoronaVAC” peyvəndindən istifadə edilir. Çin hökuməti bu peyvəndin ölkədə kütləvi istifadəsinə də icazə verib. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin