"Vətənə həsr olunmuş qəhrəman ömrü!" adlı anım tədbiri
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Hərb Tarixi Muzeyində "Azərbaycan Bayrağı" ordenli İlyas Cabbarovun anadan olmasının 55 illiyinə həsr olunmuş "Vətənə həsr olunmuş qəhrəman ömrü" adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhid qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, Vətən müharibəsi iştirakçıları, I Qarabağ müharibəsi qaziləri, 706 saylı hərbi hissənin keçmiş kəşfiyyat rəisi Dağbəyi Məhyəddinov, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin əməkdaşları iştirak edib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə tədbirdə çıxış edərək İlyas Cabbarovun qəhrəmanlığı və döyüş yolundan bəhs edib.
O bildirib ki, "El arasında zamanın sınağından çıxmış bir deyim var ki, qəhrəmanlar və qəhrəmanlıqlar unudulmur. Bu günə qədər əks-sədası kəsilməyən Qarabağ müharibəsi də bu deyimin doğruluğunu təsdiq etdi. Birinci Qarabağ müharibəsi dövründə cəbhə bölgəsində şücaət, fədakarlıq göstərərək qəhrəmanlıqla həlak olmuş İlyas Vaqif oğlu Cabbarov da unudulmaz Vətən oğullarının sırasında layiqli yer tutur.
İ.Cabbarov 1966-cı il martın 2-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1986-cı ildə Ukraynada hərbi xidmətdə olub.
İ.Cabbarov ordu sıralarından tərxis ediləndə artıq Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq istəyən erməni millətçi dairələri fəallaşmağa başlamışdılar. 1990-cı ildən Milli Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edib.
Erməni şovinist və separatçılarının zərbələrini üzərinə götürən sərhəd rayonlarından biri də Laçın idi. Sakinləri məkrli düşmənin təcavüzündən qorumaq üçün o zaman ərazi özünümüdafiə dəstələri yaradılması başlamışdı.
Belə dəstələrdən biri də 1990-cı ildə Güləbird kəndində formalaşmışdı. Ərazi özünümüdafiə dəstəsinə könüllü yazılanlardan biri də İlyas Cabbarov idi. Onu müharibə vaxtı kəşfiyyatçılar ordunun görən gözü, eşidən qulağı hesab edirdilər. İlyas cəsur, fədakar, günün istənilən vaxtında etibarlı, qorxmaz silahdaşları ilə düşmənin arxasına sızmağı və qiymətli məlumatlarla qayıtmağı bacaran kəşfiyyatçi idi.
1993-cü il iyunun 20-də İlyas sonuncu kəşfiyyat tapşırığını yerinə yetirmək nəsib olmadı. Həmin gün İ.Cabbarov erməni mövqelərindən qayıdarkən Xanallar kəndi yaxınlığında düşmənin basdırdığı piyada əleyhinə minaya düşərək şəhid oldu. Onun ölümü təkcə silahdaşlarını deyil, bu cəsur Vətən oğlunu tanıyanların hamısını xeyli kədərləndirmişdi.
Azərbaycan rəhbərliyi Güləbirdli igidin Vətən qarşısında xidmətlərini layiqincə qiymətləndirdi. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 9 oktyabr tarixli 218 saylı Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, əsgəri borcunu şərəflə yerinə yetirdiyinə görə Cabbarov İlyas Vaqif oğlu (ölümündən sonra) "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir", - deyə vurğulayıb.
Qeyd edək ki, Cabbarovlar ailəsinin üç nümayəndəsi Qarabağ müharibəsində yüksək dövlət mükafatına layiq görülmüşdü. Motoatıcı və tank taborlarının komandirləri olmuş Vaqif və Valeh Cabbarovlar da hərbi hissə taborlarının komandanlığının təqdimatı ilə döyüşlərdə göstərdikləri şücaətə görə "Azərbaycan Bayrağı" ordeninə layiq görülüblər. Düşmənin həmin istiqamətdə güclü hücumları başladığı üçün o zaman İlyasın qəbrinin üstünü götürmək mümkün olmamışdı. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu bütün işğal edilmiş əraziləri düşməndən təmizləməyi bacardı. Ermənistan ordusu darmadağın edildi. Bundan sonra düşmənin viran qoyduğu ərazilərimizə getmək, oranı ziyarət etmək fürsəti yarandı.
İlyas Cabbarovun yaxınları da illər sonra doğmalarının qəbrinə baş çəkmək imkanı qazandılar. İnanırıq ki, Vətən uğrunda canını qurban vermiş bütün şəhidlərimizin, o cümlədən İ.Cabbarovun ruhu Azərbaycan Silahlı Qüvvələrinin çaldığı Qələbədən şad oldu. Allah şəhidlərimizə rəhmət etsin.
Tədbirin sonunda şəhid İ.Cabborava dair sənədli film və hərbi-vətənpərvərliklə bağlı mahnılar səsləndirilib.