REGİONLAR
"Xarıbülbül" komandası mini futbol turnirinin qalibi olub
Qusar, 2 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qusarda Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Milli Qəhrəmanlarımız" layihəsi çərçivəsində Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan mini futbol turnirinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə 14-17 yaş arası gənclərdən ibarət 12 komanda qalib adı uğrunda mübarizə aparıb.
Yarışın açılış mərasimində Milli Qəhrəman Çingiz Qurbanovun qardaşı Beytulla Qurbanov çıxış edərək gənclərə şəhidin döyüş yolu haqqında ətraflı məlumat verib.
Layihə rəhbəri Eyvaz Xeyrullayev Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlardan danışaraq, layihə haqqında onlara ətraflı məlumat verib.
Bildirilib ki, layihənin əsas məqsədi gənclərə vətənpərvərlik hisslərini aşılamaq və onların vətənpərvər ruhda böyümələrinə təkan verməkdir.
Qusar şəhərində 7 gün ərzində davam edən turnirin qalibi "Xarıbülbül" komandası olub. II yerə "Polad", III yerə isə "Zəfər" komandaları layiq görülüb.