ABİTURİYENT-2008
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin nəzərinə çatdırır ki, 16 yaşı 2008-ci il aprelin 30-dək tamam olmayan şəxslər ali məktəblərə və ya orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün “Abituriyentin ərizəsi”nin kağız formasını dolduracaqlar.
16 yaşı aprelin 30-dək tamam olmayan abituriyentlər “Abituriyentin ərizəsi”nin kağız formasını Azərbaycan Müəllimlər İnstitutunda, Naxçıvanda yaşayanlar TQDK-nın Naxçıvan MR Regional Şöbəsində, Gəncə şəhərində isə şəhər Təhsil Şöbəsində yaradılan sənəd qəbulu komissiyasında (SQK) dolduracaqlar.
“Elektron ərizə” doldurmaq üçün abituriyent TQDK-nın “Ödəmə kartı”nı əldə etməlidir. Həmin kartdakı iş nömrəsi abituriyentin iş nömrəsi sayılır. “Ödəmə kartı”nı abituriyent itirməməlidir.
TQDK-nın elektron poçtuna ali və orta ixtisas məktəblərinin qabiliyyət tələb edən ixtisaslarına qəbul qaydaları barədə çoxsaylı suallar daxil olur.
Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər bilməlidirlər:
Poçt şöbələrindən “Ödəmə kartı” əldə edərək internet vasitəsilə “Elektron ərizə” doldururlar.
Sənəd qəbulu komissiyasında “Elektron ərizə”lərini təsdiq etdirirlər. SQK-ların ünvanları “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc edilmişdir (səh. 1-2).
3) “Elektron ərizə”lərini təsdiq etdirdikdən sonra müvafiq qabiliyyət imtahan komissiyasında (QİK) qeydiyyata düşməlidirlər. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və müvəffəqiyyət qazananlar qeydiyyata alınırlar.
Qeydiyyata alınmış abituriyentlər imtahan vərəqi və qabiliyyət imtahanlarının cədvəlini götürürlər. Daha sonra cədvələ uyğun olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi xüsusi komissiyalar tərəfindən mərkəzləşdirilmiş qaydada qabiliyyət imtahanı verirlər. Cədvəldən asılı olaraq qabiliyyət imtahanları test imtahanlarından əvvəl və ya sonra keçirilə bilər.
Təsviri sənət istiqamətli ixtisaslar üzrə qabiliyyət imtahanları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, musiqi sənəti istiqamətli ixtisaslar üzrə Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində, memarlıq və dizayn istiqamətli ixtisaslar üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetində, teatr, kino və xoreoqrafiya sənəti istiqamətli ixtisaslar üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, bədən tərbiyəsi və idman istiqamətli ixtisaslar üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilir.
Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası və Lənkəran Dövlət Universitetinin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlər qabiliyyət imtahanını həmin ali məktəblərin yerləşdiyi şəhərlərdə yaradılmış komissiyalarda da verə bilərlər.
Fənn üzrə qabiliyyət imtahanının nəticəsi 10 ballıq sistem üzrə qiymətləndirilir. 3-dən az olmayan bal (bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları üzrə 6-dan az olmayan bal) müsbət qiymət hesab edilir.
Komissiya üzrə qabiliyyət imtahanı bir və ya bir neçə fəndən ibarət ola bilər. İmtahan fənlərinin sayı iki və daha çox olduqda ayrı-ayrı fənlər üzrə imtahanların nəticələrinə görə orta bal hesablanır. Nəticə tama qədər yuvarlaqlaşdırılır.
Abituriyentin xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək və ərizəsində onların kodlarını qeyd etmək hüququ qazanması üçün onun qabiliyyət imtahanındakı orta balı və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır (bax: “Abituriyent” jurnalı, səh.20, cədvəl 2.). Test imtahanı fənləri üzrə cavablara nisbi bal məhdudiyyəti qoyulmur.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, həmin ixtisas qrupuna daxil olan digər ixtisasları da seçmək imkanı verilir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı orta bal əsasında aparılır .
######
![]() |
