ADA Universitetində 40-dan çox ölkənin mədəniyyəti nümayiş olunub
Bakı, 5 iyun, AZƏRTAC
ADA Universitetində ali təhsil müəssisəsinin ənənəvi tədbirlərindən sayılan 14-cü beynəlxalq festival uğurla baş tutub.
AZƏRTAC xəbər verir ki, mədəni müxtəlifliyi tərənnüm etmək və beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyan tədbir builki mövsümdə də fərqli xalqların nümayəndələrini bir araya gətirib. Geniş iştirakçı kütləsi ilə müşayiət olunan tədbirdə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatik korpusun üzvləri, eləcə də ADA Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, məzunları və əməkdaşları iştirak ediblər.
Festival çərçivəsində qonaqlar 40-dan çox ölkənin zəngin mədəniyyəti, qədim ənənələri, milli mətbəxi və musiqisi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.Tədbir iki hissədən ibarət olaraq rəngarəng ölkə stendlərinin sərgisi, mədəni və bədii çıxışlar hissəsini əhatə edib.
Tədbirin bədii hissəsində müxtəlif xarici səfirliklər tərəfindən hazırlanan xüsusi konsert proqramı nümayiş etdirilib. ABŞ, Yaponiya, Çin, Türkiyə, Tacikistan və Avropa İttifaqına üzv dövlətlər daxil olmaqla, onlarla ölkəni təmsil edən stendlərdə milli mətbəx nümunələri, səslənən rəngarəng musiqilər, təqdim olunan milli geyimlər və rəqslər böyük maraqla qarşılanıb.
Ziyarətçilərin zövqünü oxşayan konsert proqramı ilə yanaşı, interaktiv təqdimatlar və müxtəlif müsabiqələr də festivalın əsas bəzəyinə çevrilib. Bu tədbir ADA Universitetində tolerantlıq və müxtəlifliyin deyil, həm də canlı bir həyat tərzi olduğunu növbəti dəfə nümayiş etdirib.