ABŞ-da həbs edilən iranlı jurnalist Tehrana qayıdıb
Tehran, 1 fevral, AZƏRTAC
İranın ingilisdilli Press TV telekanalının ABŞ-da həbs olunan müxbiri Mərziyyə Haşimi Tehrana qayıdıb.
AZƏRTAC xəbər verir ki, Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanında M.Haşimini parlamentin, ictimaiyyətin və jurnalist təşkilatlarının nümayəndələri qarşılayıblar.
Jurnalistlərin suallarını cavablandıran M.Haşimi bildirib ki, ABŞ hökuməti onu qanunsuz həbs etmişdi. Həbsin əsas səbəbi rəsmi Vaşinqtonun İrana qaşı yürütdüyü düşmənçilik siyasətidir. Müxbir kimi fəaliyyətini davam etdirəcəyini deyən M.Haşimi ona qarşı edilən kobudluğa görə də ABŞ-ın hüquq-mühafizə sistemini kəskin tənqid edib. Jurnalist ona göstərilən dəstəyə görə İran rəsmilərinə, həmkarlarına və ictimaiyyətin nümayəndələrinə minnətdarlıq edib.
Xatırladaq ki, İranın Press TV kanalının müxbiri yanvarın 13-də ABŞ-da həbs edilmişdi. Ona qarşı heç bir iddia irəli sürülməyib. ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, yerli qanunlara görə məhkəmənin qərarı ilə şahid də həbs edilə bilər. M.Haşimi 11 gün Vaşinqton türməsində qaldıqdan sonra məhkəmə tərəfindən ifadəsi alınaraq azad edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran