SİYASƏT
ABŞ-ın Eurasia Hoy nəşri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündən yazır
![ABŞ-ın Eurasia Hoy nəşri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündən yazır](/files/2020/2/1200x630/15886650323192425700_1200x630.jpg)
Vaşinqton, 5 may. AZƏRTAC
ABŞ-da dərc olunan ispandilli Eurasia Hoy (Avrasiya Bu gün) nəşrində “Azərbaycan COVID-19-la mübarizədə qlobal miqyasda həmrəylik və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC-a istinad olunan məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü haqqında söz açılır.
Bildirilir ki, Zirvə görüşündə Prezident İlham Əliyev Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək vurğulayıb ki, pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkədə həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son üç həftə ərzində Azərbaycanda xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamika yaranıb.
Prezident İlham Əliyev pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlərdən də danışıb, bu məqsədlə 3.5 milyard manat məbləğində sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu bildirib.
AZƏRTAC-ın Vaşinqton bürosu