ABŞ KONQRESİNDƏ AZƏRBAYCANA DAİR DİNLƏMƏLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 29-da ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) “Azərbaycanda insan hüquqları və demokratiya” mövzusunda dinləmələr keçirilmişdir. Dinləmələrdə Helsinki Komissiyasının 6 üzvü - respublikaçı senatorlar Səksbi Çəmbliss və Riçard Börr, demokrat senator Benjamin Kardin və demokrat konqresmenlər Alsi Hastinqs, G.K.Baterfild və xanım Hilda Solis iştirak etmişlər.
Dinləmələrdə məruzəçi kimi ABŞ dövlət katibinin demokratikləşmə, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Devid Kreymer, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Yaşar Əliyev və Freedom House təşkilatının tədqiqatlar üzrə direktoru Kristofer Uolker çıxış etmiş və komissiya üzvlərinin suallarını cavablandırmışlar.
Tədbirdə iştirak etmiş komissiyanın bütün üzvləri Azərbaycanın strateji əhəmiyyətini xüsusilə qeyd edərək, ölkəmizin terrorçuluqla mübarizəyə və Qərbin enerji təminatının şaxələndirilməsinə töhfəsini və regional təhlükəsizlikdə rolunu yüksək qiymətləndirmiş, Azərbaycanı ABŞ-ın yaxın müttəfiqi adlandırmışlar.
Bununla yanaşı, Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkiləri və onun əhəmiyyəti, mətbuatın vəziyyəti və inkişafı, demokratiyanın irəliləyişi, Cinayət Məcəlləsində difamasiya haqqında maddənin ləğvinin mümkünlüyü və digər məsələlərə dair mülahizə, rəy və tövsiyələr səslənmişdir.
Dinləmələr ABŞ-ın Azərbaycana xüsusi diqqətini və marağını bir daha nümayiş etdirmiş və aktual mövzularla bağlı faydalı fikir mübadiləsi və açıq dialoqun davam etdiyini göstərmişdir.
######
