ABŞ merləri silah satışına nəzarət haqqında qanun layihəsinə baxılmasını sürətləndirməyi tələb edirlər
Vaşinqton, 9 avqust, AZƏRTAC
ABŞ-ın 214 şəhərinin merləri Senatdan olan qanunvericiləri yay məzuniyyətlərini yarımçıq kəsərək, silah satışı və silah daşınmasına nəzarət barədə qanun layihəsinə baxmağa çağırıblar.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, sözügedən qanun layihəsi Nümayəndələr Palatasında artıq qəbul edilib. Merlər Senatda çoxluq təşkil edən respublikaçıların lideri Mitç MakKonnellə ünvanlanmış məktubda dərhal fəaliyyətə başlamağa çağırıblar. Məktubda qeyd edilib ki, son günlərdə kütləvi gülləbaranlar nəticəsində 30-dan çox adam həlak olub.
Nümayəndələr Palatasında qəbul edilmiş və baxılması üçün Senata göndərilmiş qanun layihəsinə əsasən, odlu silah alıcıları tərəfindən FTB xətti üzrə hüquq pozuntuları törədilib-törədilmədiyini müəyyənləşdirmək üçün həmin şəxslər Milli Ani Yoxlama Sistemində ətraflı yoxlamadan keçməlidirlər. Qanun layihəsinə görə, silahların lisenziya olmadan verilməsi də qadağan edilir və hüquq mühafizə orqanlarının silahları izləmə prosedurları asanlaşdırılır.
Keçmiş prezident Bill Klinton da hücum silahları üçün 1994-cü ildə tətbiq edilən federal qadağanı bərpa etməyə çağırıb. Klintonun imzaladığı qadağanın müddəti 2004-cü ildə başa çatıb və o vaxtdan həmin qanunu bərpa etmək üçün dəfələrlə göstərilən cəhdlər uğursuz olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton