ABŞ-nin Enerji İnformasiya Administrasiyası: LNG qiymətləri yüksək olaraq qalır
Bakı, 13 may, AZƏRTAC
Hörmüz boğazından axınların azalması nəticəsində qlobal mayeləşdirilmiş təbii qaz (LNG) qiymətləri yüksək olaraq qalır və ABŞ-nin daxili təbii qaz qiymətləri ilə beynəlxalq bazarlar arasında böyük fərq var.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Yaxın Şərq münaqişəsi fonunda Hörmüz boğazının bağlı qalması qlobal LNG təchizatının təxminən 20 faizinin bazardan çıxmasına səbəb olub. Nəticədə bazar şərtləri kəskin şəkildə dəyişib və qlobal LNG istehsalı illik müqayisədə 8 faiz azalıb.
Bildirilir ki, aprel ayında ABŞ-nin LNG ixrac gücü gündəlik təxminən 0,9 milyard kubfut artıb. İlin birinci rübündə ABŞ-də təbii qaz istehsalı isə sutkada orta hesabla 120,2 milyard kubfut təşkil edib ki, bu da ötən ilin ilk rübündəki göstəricidən 4 faiz çoxdur. Təbii qaz hasilatının 2027-ci il ərzində də artmağa davam edəcəyi gözlənilir. Belə ki, yüksək neft qiymətləri xam neft və təbii qaz hasilatını daha çox dəstəkləyir.
Proqnozlara görə, ABŞ-nin elektrik enerjisinə tələbatı bu il 1,3 faiz artaraq orta hesabla təxminən 4250 milyard kilovat/saat təşkil edəcək və 2027-ci ildə daha 3,1 faiz artacaq. Yaşayış yerləri üçün elektrik enerjisi qiymətlərinin cari ildə 5 faiz artacağı və daha yavaş tempdə olsa da, 2027-ci ildə də artmağa davam edəcəyi gözlənilir. Bu il kommunal miqyaslı Günəş enerjisi istehsalının da 1,4 faiz artacağı nəzərdə tutulur.