ABŞ VƏ AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİ NAXÇIVANDA ARXEOLOJİ QAZINTI APARIRLAR OĞLANQALADA NADİR ƏŞYALAR AŞKAR EDİLMİŞDİR
ABŞ-ın Corciya universiteti və AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarından ibarət birgə ekspedisiya tərəfindən Şərur rayonu ərazisində Arpaçay sahilində yerləşən Oğlanqalada aparılan tədqiqat zamanı nadir arxeoloji əşyalar aşkar edilmişdir.
Mütəxəssislər qədim yaşayış məskənlərindən olan Oğlanqalanı e.ə. 1-ci minilliyə aid edir və onun uzun müddət müdafiə istehkamı kimi istifadə olunduğunu bildirirlər. Müştərək ekspedisiyanın üzvləri 40 hektara yaxın sahəni əhatə edən qalanın mərkəzi hissəsində sütunlu sarayın divar qalıqlarını və çoxsaylı gil qab parçalarını aşkar etmişlər. Üzərində mixi yazı olan küp parçası da elə buradan tapılmışdır. Arxeoloqlar buna bənzər arxeoloji materialların əvvəllər İran, Türkiyə ərazisindəki qədim yaşayış məskənlərindən də aşkar olunduğunu qeyd edirlər. Yerli mütəxəssislər Oğlanqalada yeni tapılan təsərrüfat küpünün fraqmentini e.ə. 8-7 əsrlərə aid edir və üzərində “şəhər” sözünün yazıldığını bildirirlər. Onların fikrincə, bu nadir tapıntı Azərbaycan ərazisində yaşayan yerli tayfaların mixi yazısı olduğunu sübut edir.
Qeyd edək ki, mədəni təbəqəsi 5 metrə yaxın olan qədim Oğlanqala abidəsindən əldə edilən çoxsaylı maddi-mədəniyyət nümunələri ulu əcdadlarımızın zəngin həyat tərzindən, özünəməxsus mədəniyyətindən xəbər verir.
Arxeoloqlar ərazidə qazıntıları davam etdirmək niyyətindədirlər. Onlar hesab edirlər ki, tədqiqatlar nəticəsində aşkara çıxarılan arxeoloji materiallar qalanın tarixini daha da dəqiqləşdirməyə, Naxçıvan abidələrini Yaxın Şərq ölkələri abidələri ilə müqayisəli şəkildə öyrənməyə, ən başlıcası isə, tariximizin az öyrənilmiş səhifələrini daha geniş tədqiq etməyə imkan verəcəkdir.