“Abşeron barədə əfsanə” musiqili tamaşası maraqla qarşılanmışdır
Bakı, 2 iyun (AZƏRTAC). İyunun 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Abşeron barədə əfsanə” adlı muğam improvizəsi və xoreoqrafik pantomima elementləri əsasında səhnələşdirilmiş musiqili tamaşa təqdim olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi və “DİDİ İnternational” terapevtik mərkəzi və “RotarAct” gənclər təşkilatının kreativ art qrupunun təşkilatçılığı ilə səhnələşdirilmişdir.
Tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə ölkəmizdə təşkil edilmiş silsilə tədbirlərdən söz açmışdır.
Azərbaycanda uşaq problemlərinin həllində ümummilli lider Heydər Əliyevin misilsiz rolu minnətdarlıq hissi ilə qeyd edilmişdir. Həmçinin müasir şəraitdə Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizin, onun kiçik sakinləri olan uşaqların bu günü və xoşbəxt gələcəyi naminə gördükləri məqsədyönlü işlər diqqətə çatdırılmışdır.
Sonra 14-16 yaş arası musiqi və idman məktəblərinin şagirdləri, görmə qabiliyyəti zəif olan, eşitmə və danışma qabiliyyəti pozulmuş və digər sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə hazırlanmış tamaşa nümayiş etdirilmişdir. “Abşeron barədə əfsanə”nin hazırlığına ümumilikdə 96 uşaq, o cümlədən şou hazırlığı ilə məşğul olan 30 mütəxəssis və könüllülər cəlb edilmişdir.
Azərbaycanın dramaturgiya təcrübəsində ilk dəfə olaraq səhnədə bu torpağın özünəməxsus səsi və xarakteri - “Abşeron” obrazı yaradılmışdır. Səhnə əsəri Abşeronun dənizlə poetik dialoqu üzərində qurulmuşdur. Bütün tamaşa Azərbaycanın qədim rəmz və arxetipləri ilə illüstrasiya edilmişdir. Ürəyin döyüntüsü qaval ritmi ilə canlandırılmış, “qaval” isə digər səhnədə günəşin diskinə çevrilmiş, küləklər neyin səsindən əmələ gəlmiş, tarın səsi Abşeron yağışının səsindən yaranmışdır. Tamaşanın kulminasiya nöqtəsi isə Azərbaycanın səsini əks etdirən muğam olmuşdur. Bu məqamda səhnəyə görkəmli muğam ustası, Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova çıxmışlar.
İlk dəfə təqdim edilən bu layihə maraqla qarşılanmışdır.