İlyas Demirci: WUF13-ün Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuram
Bakı, 22 may, AZƏRTAC
Biz Türk Dünyası Mühəndislər və Memarlar Birliyi olaraq 50 ölkəni əhatə edən, mühəndislik, memarlıq və şəhərsalma sahələrində diqqət çəkən, maarifləndirici beynəlxalq tədbirlər təşkil edən bir qeyri-hökumət təşkilatıyıq. Xüsusilə bu gün dünyamızda yaşanan iqlim dəyişikliklərinin zərərli təsirlərinə qarşı görülməsi vacib olan tədbirləri gündəmdə saxlamaq üçün maarifləndirici toplantılar keçirir, universitetlərlə birlikdə elmi tədbirlər təşkil edirik. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) ekologiya, ətraf mühit, su, meşələr, təbii sərvətlər, yanğınlar, sellər, eroziya və quraqlıq kimi məsələlər müzakirə olundu. WUF13-də iştirakdan məmnunuq.
Bunu AZƏRTAC-a açıqlamasında Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirci deyib.
“Belə bir tədbirin Azərbaycanda, böyük tədbirlərdə təcrübəsi olan Bakıda keçirilməsindən böyük məmnunluq duyuram. Gündə orta hesabla 45 min insan qəbul edən bu böyük təşkilatçılığın həyata keçirilməsinə himayədarlıq edən başda Prezident İlham Əliyev olmaqla, könüllülərə qədər əməyi keçən hər kəsi ürəkdən təbrik edirəm. Siz media nümayəndələrinin də burada qəbul edilən qərarların dünyaya çatdırılmasında çox mühüm rolu var", - deyə İ.Demirci bildirib.