ABŞERON RAYON MƏRKƏZİ XƏSTƏXANASININ AÇILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, avqustun 5-də Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının açılışı olmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə son illər rayonda aparılan geniş quruculuq işlərindən danışan rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirmişdir ki, əhaliyə göstərilən səhiyyə xidmətinin müasir tələblər səviyyəsinə qaldırılması məqsədi ilə də müvafiq addımlar atılır. 2007-ci il rayon səviyyəsində “Səhiyyə ili” elan edilmiş, əhaliyə nümunəvi tibbi xidmət göstərilməsi üçün bütün yaşayış məntəqələrində müxtəlif səhiyyə müəssisələri - poliklinikalar, feldşer-mama məntəqələri inşa olunmuşdur. Cari ildə isə 14 səhiyyə obyekti tikilərək əhalinin istifadəsinə verilmişdir. Gələcəkdə Xırdalan şəhərində daha böyük və müasir xəstəxananın tikintisinin planlaşdırıldığını qeyd edən natiq bildirmişdir ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Abşeron rayonunda tikinti-quruculuq işləri bundan sonra daha geniş vüsət alacaqdır.
Xəstəxananın pediatriya şöbəsinin müdiri Raya Əsgərova səhiyyə sahəsinin inkişafına, əhalinin sağlamlığına göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları xəstəxanada yaradılmış şəraitlə tanış olmuşlar. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətlərini əks etdirən guşə xüsusi maraqla qarşılanmışdır.
Qeyd edilmişdir ki, müasir avadanlıqla təchiz edilmiş 2 mərtəbəli, 80 çarpayılıq xəstəxanada doğum, uşaq, cərrahiyə, ginekologiya və reanimasiya şöbələri, laboratoriya, 3 bufet, mətbəx, camaşırxana fəaliyyət göstərəcəkdir. Yeni səhiyyə ocağı ayrıca transformator, enerji verilişində fasilələr yaranmaması üçün generator, içməli və texniki su çənləri ilə təmin olunmuşdur. Xəstəxana xüsusi istilik sisteminə də malikdir.
######
