Abşeron rayonunda ümummilli lider Heydər Əliyevin şərəfinə gül bayramı keçirilmişdir
Xırdalan, 11 may (AZƏRTAC). Xırdalanlıların ən sevimli istirahət guşəsi olan “Heydər bağı” mayın 10-da - ümummilli liderin ad günündə böyük gülüstanı xatırladırdı. Burada ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə gül bayramı keçirilmişdir. Tədbirdə rayonun bütün məktəbəqədər, orta təhsil və mədəniyyət müəssisələri iştirak etmişlər. Gül sərgisində 60-dək ekspozisiya təmsil olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi qarşısına güllər qoyaraq, müasir Azərbaycan tarixində müstəsna xidmətləri olan insanın xatirəsini anmışlar.
Bayram şənliyi qeyri-adiliyi ilə abşeronluların diqqətini cəlb etmişdir. Parkın bütün xiyabanları qələbəlik idi. Şənliyə qatılanlar və şəhərin qonaqları bir-birinin ardınca rəmzi köşklərə keçir, cürbəcür ikebana, rəngarəng panno və mənzərə əsərlərinə, məktəblilərin hazırladıqları gül dəstələrinə və səbətlərinə, gənc rəssamların digər işlərinə maraqla tamaşa edirdilər. Ekspozisiyada öz əl işlərini bütövlükdə 36 orta məktəbin və 22 uşaq bağçasının yetirmələri nümayiş etdirirdilər. Uşaqlar müxtəlif güllərin imitasiyası olan konfetlərə və qənnadı məmulatlara qonaq edir, öz işlərini bağışlayırdılar. Baxış əsl vətənpərvər, ulu öndər Heydər Əliyev haqqında mahnı və şeir oxuyan solistlərin və qiraətçilərin çıxışları ilə müşayiət olunurdu. İdmançılar və rəqqaslar da ümummilli liderin xatirəsinə həsr olunmuş konsert nömrələri ilə çıxış etdilər.
Yay estradasında respublikanın incəsənət xadimlərinin və rayonun bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert olmuşdur.
Kütləvi gəzinti ilə davam edən Gül bayramı gecədən xeyli keçmiş başa çatmışdır.