Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dayanıqlı Moda Nümayişi VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2026) çərçivəsində sentyabrın 8-də “Dayanıqlı moda” mövzusunda dəyirmi masa və moda nümayişi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycandan və Avropadan moda sənayesinin nümayəndələri, bu sahə üzrə ekspertlər və dizaynerlər iştirak ediblər.
Çıxış edən Milli Məclisin deputatı, COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu və BCAW layihəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, tədbirin məqsədi yalnız moda sənayesində mövcud çağırışları müzakirə etmək deyil, həm də dizaynerlərin iqlim dəyişikliyi ilə bağlı baxışlarının və dayanıqlı həll yollarının nümayişidir. N.Arpadarai qeyd edib ki, ötən il təşkil olunan dəyirmi masa bu istiqamətdə ilk addım olub. Bu il isə təşəbbüs daha da genişləndirilib və dizaynerlər öz kolleksiyaları vasitəsilə dayanıqlı modaya yanaşmalarını təqdim ediblər. O vurğulayıb ki, COP31-ə iki ay qalıb və bu il “sıfır tullantı” mövzusu xüsusi diqqət mərkəzindədir. Bu baxımdan, moda sənayesində dayanıqlılıq və məsuliyyətli istehsal məsələlərinin müzakirəsi xüsusi əhəmiyyət daşıyır.
“London İqlim Həftəsi”nin və “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin kuratoru Malini Mehra çıxışında moda sənayesində ekoloji dayanıqlığın təmin olunmasının vacibliyini vurğulayıb. O, ətraf mühitə təsirin azaldılması, resurslardan səmərəli istifadə və istehsal proseslərinin təkmilləşdirilməsinin əhəmiyyətindən danışıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ekologiya və dayanıqlı dizaynla bağlı fikirlərin onun üçün böyük əhəmiyyət daşıdığını bildirib. “Türk sivilizasiyasının mədəni irsi təbiətə hörmət və ekoloji dəyərlər üzərində formalaşıb. Bu gün burada səsləndirilən dəyərli ideyaları eşitmək mənim üçün vacibdir”, – deyə A.Raimkulova qeyd edib. O, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Dayanıqlı Moda Nümayişinin iqlim gündəliyinə töhfə verdiyini vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova ekoloji fəaliyyətlərdə qadınların və gənclərin mühüm rolundan bəhs edib. O, tullantısız həyat tərzinin və məsuliyyətli istehlak vərdişlərinin təşviqinin vacibliyindən danışıb.
Dəyirmi masa çərçivəsində beynəlxalq ekspertlər və dizaynerlər moda sənayesinin iqlim dəyişikliyinə təsiri, tekstil tullantılarının azaldılması, təkrar emal və ekoloji istehsal modelləri barədə fikir mübadiləsi aparıblar.
Bildirilib ki, dayanıqlı moda yalnız yeni materiallardan istifadə ilə məhdudlaşmır, eyni zamanda, istehlak vərdişlərinin dəyişdirilməsini və resurslardan səmərəli istifadəni də əhatə edir.
İştirakçılar, həmçinin öz işlərindən və kolleksiyalarından söz açaraq, təkrar emal olunmuş materiallardan hazırladıqları geyimlərin ekoloji dayanıqlılığa verdiyi töhfələri diqqətə çatdırıblar.
Daha sonra tədbir çərçivəsində “Sustainable Fashion Show” – Dayanıqlı Moda Nümayişi keçirilib.
Nümayişdə dayanıqlılıq, təbiət və iqlim mövzuları yaradıcı şəkildə əks etdirilib.