Abşeronda COVID-19 əleyhinə profilaktik və maarifləndirmə işləri davam edir
Xırdalan, 11 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
COVID-19 infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı Abşeron rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən yaradılmış komissiya fəaliyyətini davam etdirir.
Rayon icra hakimiyyəti yanında ictimai şuranın sədri Elçin Quliyev AZƏRTAC-a bildirib ki, komissiya tərəfindən mütəmadi olaraq COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilməkdədir. Komissiya üzvləri tərəfindən fəal şəkildə yerlərdə sakinlərlə görüşlər keçirilir, maarifləndirici söhbətlər aparılır.
E.Quliyev deyib ki, Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə 300-ə yaxın və Xırdalan şəhər 25 saylı körpələr evi-uşaq bağçasında isə 100-ə yaxın sakinlə keçirilən görüşlərdə mütəxəssislər vaksinasiya və xəstəliklə bağlı insanları maraqlandıran məsələlər barədə maarifləndirici söhbətlər ediblər. Xüsusilə bildirilib ki, son günlərin statistikasına əsasən uşaqlar arasında koronavirusa yoluxma halları artıb. Rayonun baş pediatrı uşaqlarda xəstəliklə bağlı yaranan əlamətlər və xəstəlikdən qorunma üsulları barədə məlumat verib, sualları cavablandırıb.
Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər bir müddət öncə Azərbaycanda gündəlik yoluxma 100-200 idisə, son günlərdə bu, 1000-i ötüb.
Mütəxəssislər karantin rejiminin yumşaldılması və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışının, şənlik mərasimlərinə icazənin, tətil mövsümü ilə əlaqədar olaraq xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.
Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.