ELM VƏ TƏHSİL
ADAU-da Bilik Günü qeyd olunub
Gəncə, 16 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Bilik Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən universitetin rektoru Zəfər Qurbanov pedaqoji heyəti və tələbələri Bilik Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr pilləsinə tələbə qəbulu cari il 97 faiz təşkil edib. 24 ixtisas üzrə plan yerləri 100 faiz dolub. Həmçinin regionun ən yüksək bal toplayan tələbələrindən Zeynəb Əliyeva 682 balla Aqrar Universiteti seçib.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək bildirib ki, dövlətin elmə, təhsilə qayğısı nəticəsində Aqrar Universitetin maddi-texniki bazası hər il daha da güclənir. Yeni qəbul olan tələbələri təbrik edən nazir müavini onlara nəzəri biliklərlə yiyələnməklə yanaşı, praktiki və elmi-tədqiqat işlərində də yaxından iştirak etməyi tövsiyə edib. O, ölkəmizdə aqrar elmin inkişafında Azərbaycan Dövlət Aqrar Universitetinin xüsusi rolu olduğunu diqqətə çatdırıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov da çıxış edib, müəllim və tələbə kollektivinə təbriklərini çatdırıblar.
Universitetin I kurs tələbəsi Zeynəb Əliyeva çıxışında ADAU-da tədrisin keyfiyyətli formada aparılması, peşəkar müəllim kollektivinin olmasının onun seçimində əsas amillərdən biri olduğunu bildirib.
Sonda yüksək bal toplayan bir qrup tələbəyə hədiyyələr və tələbə biletləri təqdim olunub.